Poliplər uşaqlığın selikli qişasında və boynunda əmələ gələn xoşxassəli törəmələrdir. Xarici görünüşdən onlar ayaqcıqlı çıxıntıları xatırladır, ölçüləri bir neçə millimetrdən santimetrə kimi ola bilər. Bir qayda olaraq poliplər uşaqlığın künclərində və dib hissələrində yer alır, lakin, bəzən onlar uşaqlıqdan kənara çıxır və ginekoloji müayinə zamanı aşkar olunur.
Poliplər ən çox 35-40 yaşdı xanımlarda rast gəlinir.
Poliplər aşkar olunduqdan sonra dərhal götürülməlidir. Buna riayət etmədikdə onlar bədxassəli şişə çevrilə bilər.
Poliplərin əmələ gəlmə səbəbləri
⦁ Hamiləliyin əməlliyat yolu ilə dayandırılması, spiralın istifadəsi, diaqnostik qaşıma zamanı uşaqlığın daxili divarlarının zədələnməsi;
⦁ Kiçik çanaq orqanlarının xroniki iltihabi xəstəlikləri;
⦁ Hormonal disbalans;
Uşaqlığın və uşaqlıq boynunun polipləri: əlamətləri
Törəmələri yalnız ginekoloq aşkar edə bilər. Buna baxmayaraq bəzi əlamətlər həkimə getməzdən əvvəl poliplərin olması barədə xəbər verə bilər. Poliplərə xas olan əsas əlamətlər aşağıdakılardır:
⦁ Uşaqlıqdan axan çox miqdarda ifrazatlar (bəzən kəskin qoxulu və sarı rəngdə);
⦁ Menstruasiya ilə əlaqəsi olmayan cinsi əlaqədən sonra və ya cinsi əlaqə zamanı axan qanlı ifrazatlar;
⦁ Hamiləliklə bağlı probemlər;
⦁ Uzun müddətli menstruasiyalar və çox miqdarda qanaxmalar;
⦁ İntim əlaqə zamanı ağrılar, həmçinin qarının aşağı nahiyəsində kəskin ağrılar;
⦁ Menstruasiyayla əlaqəsi olmayan qanlı ifrazatlar.
Yuxarıda sadalanan əlamətlər çox az xəstələrdə aşkar olunur, çox vaxt xəstəlik simptomsuz keçir. Törəməni vaxtında aşkar etmək üçün planlı şəkildə ginekoloqa müraciət edilməlidir (ildə 1-2 dəfə).
Xəstəliyin diaqnostikası
Poliplər ginekoloji baxış zamanı aşkar olunur.
Poliplərin histeroskopiya vasitəsi ilə götürülməsi
Histeroskopiya xüsusi optik cihazla icra olunur - histeroskopla. O uzun nazik boru şəklindədir. Borunun ucunda yerləşən video kamera və optik cihazın köməyi ilə həkim uşaqlıq divarının aydın şəklini görür. Bu, cərraha yüksək dəqiqliklə, xəstəyə zədə yetirmədən əməliyyat etməyə kömək edir.
Histeroskop uşaqlıq boynundan daxil edildiyi zaman uşaqlığa az miqdarda maye yeridilir, maye uşaqlığın divarını düzləşdirir və vizual görüntünü asanlaşdırır. Prosedur ümumi narkoz altında icra olunur, bu zaman pasient heç bir ağrı hiss etmir. Poliplər aşkar olunduğu zaman onlar histeroskopla kəsilib çıxardılır.
Əməliyyat 5-10 dəqiqə davam edir. Pasient əməliyyatdan 2-3 saat sonra evinə gedir.
Reabilitasiya və bərpa dövrü
Histeroskopiyadan sonra uşaqlıqdan az miqdarda qan və ya selik axa bilər. Bu tamamilə normal haldır və bir neçə günə keçir. Buna, həmçinin qarının aşağı hissəsindəki cüzi ağrılar da aiddir. Adətən , əməliyyatdan sonra ağrıkəsiciyə ehtiyac duyulmur. Histeroskopiyadan sonra qanaxma müşahidə olunursa dərhal həkimə müraciət edilməlidir. Mümkün olacaq ağırlaşmaların qarşısını almaq üçün həkim tövsiyyələrinə riayət edilməlidir.
Prosedurdan sonra 1-2 həftə ərzində qadağandır:
⦁ İntim əlaqə;
⦁ Saunaya getmək;
⦁ Vaginal tamponların istifadəsi;
⦁ Vanna qəbulu.
Reabilitasiya dövründə sauna əvəzinə duş qəbul edə bilərsiniz, tamponlar əvəzinə isə bezlərdən istifadə etmək olar.
Həkimə vaxtlı şəkildə müraciət etmək reabilitasiya dövrünün azalmasına kömək edir.